Rektor-deputat dövlət qulluqçusu statusunun qarşı çıxdı

Təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə Prezident İlham Əliyev 2011-ci ilin aprel ayının 20-də sərəncam imzalayıb.

2013-03-27 19:20:06
Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Modern.az saytına açıqlamasında “əgər sərəncam keçən ilin aprel ayından imzalanıbdırsa, deməli Nazirlər Kabinetinə aid məsələ həll edilib. Bununla bağlı ətraflı Təhsil və Səhiyyə nazirliklərindən öyrənin. Məndə əlavə məlumat yoxdur” deyə qeyd etmişdi.

Artıq həmin müddətdən 2 ilə yaxın zaman keçir və bu məsələ hələ də öz həllini tapmayıb.

Milli Məclisin martın 15-də keçirilən iclasında hökümətin hesabatının müzakirəsi zamanı deputat Bəxtiyar Əliyev də bu məsələni qaldırıb, amma hələki hökümət tərəfindən cavab reaksiyası yoxdur.

Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı Modern.az saytına açıqlamasında müəllim və təhsil işçilərinə hazırkı vəziyyətdə düşünülmədən dövlət qulluqçusu statusunun verilməsini düzgnü hesab etmədiyini bildirib.

“Bu gün respublikada bir, iki, dörd saat dərs deyən də müəllimdir, bütün günü işləyən də. Eyni zamanda bir müəllim bir neçə yerdə dərs deyir və ya həkim bir neçə yerdə işləyir. Bununla bağlı onlara məhdudiyyət qoyulmayıb. Belə olan təqdirdə o hansı müəssisənin dövlət qulluqçusu olasıdır? Axı insanın bir iş yeri olmalıdır  ki, orada da ona status verilsin. Ona görə o ştatda yalnız bir yerdə işləməlidir və bilinməlidir ki, ştatda işləyən necə müəllim və həkimimiz var”.

Aqiyə Naxçıvanlı vurğulayıb ki, bunlar sistemə salınmamışdan dövlət məsələni həll etməyə çətinlik çəkəcək.
“Bunu o qurumlar - Təhsil və Səhiyyə nazirlikləri əvvəlcədən həll etməlidirlər ki, dövlət qarşısında da məsələni qaldırsınlar. Çünki dövlət məmurları hamısı bilmir ki, səhiyyə və ya təhsildə nə baş verir”.

Millət vəkili ölkədə olan bütün müəllim ordusuna dövlət qulluqçusu statusunun verilməsini də düzgün hesab etmir.

 “Ona görə əvvəlcə sistem yaradılmalıdır, ştatda olan əsas iş yerləri müəyyən olunmalıdır, tam ştatda olanların sayı bilinməlidir və sonra dövlət qarşısında məsələ qaldırılmalıdır. Bu mənim fikrimdir və hesab edirəm ki, bu haqda düşünmək lazmdır. Bunun tələsik həll olunması mümkün olmayan şeydir”.