Xətt ölçüsü 12 Punto14 Punto16 Punto18 Punto

Abdulla Şaiq kimdir?

Azərbaycanın ədəbi-ictimai fikir tarixində maarif və mədəniyyət xadimi, şair, nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi kimi tanınan Abdulla Şaiq

29 Ağustos 2011 Pazartesi - 12:50



Azərbaycanın ədəbi-ictimai fikir tarixində maarif və mədəniyyət xadimi, şair, nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi kimi tanınan Abdulla Şaiq Talıbzadə 24 fevral1881-ci ildə Tiflisdə ruhani ailəsində doğulmuşdur. Balaca Abdulla ilk təhsilini ruhani idarəsinin altı sinifli məktəbində (1889-1893) və Xorasanda Türkiyədən gəlmiş maarifsevər Yusif Ziyanın məktəbində (1894-1899) almışdır. Uşaqlıqdan Şərq ədəbiyyatına, şeirə, sənətə həvəs göstərmiş, 1900-cü ilin payızında Xorasandan Tiflisə qayıtmış və bir neçə aydan sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Həmin ildəcə rəsmi dövlət komisiyası qarşısında imtahan verib, müəllimlik hüququ qazanmış, rus-tatar (türk) və realnı məktəblərdə ana dili və şəriət dərslərini aparmışdır. Az vaxt içində ictimai-ədəbi mühütlə, Nəriman Nərimanov, Əlibəy Hüseynzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, Əbdürrəhimbəy Haqverdiyev, Həsənbəy Vəzirov, Firidunbəy Köçərli, Hüseyn Cavid, Mahmudbəy Mahmudbəyov, Süleyman Sani Axundov, Seyid Hüseyn, Hüseyn Minasazov kimi dövrün məşhur ədəbi şəxsiyyətləri ilə tanış olub, taleyini ömürlük ədəbiyyata, məktəbə və maarif işinə bağlamışdır. Ədəbi-pedaqoji fəaliyyətə can atan cavan Şaiqin fikri tərbiyyəsinə, türkçülük ideyalarına yiyələnməsində qardaşı Yusif Ziyanın güclü təsiri olmuşdur.

On altı yaşında bədii tərcümə və füzuliyanə qəzəllərlə yaradıcılığa başlayan A.Şaiq Bakıda Avropa, türk və rus ədəbiyyatını da öyrənib, ən çox klassik ənənələrə, türk romantizminə dayanıb, «Füyuzat» ədəbi məktəbi ilə ilgilənməklə, ara-sıra «Molla Nəsrəddin» ədəbi məktəbinin təsiri ilə əsərlər də yazıbdır.

Yeni yüzilliyin əvvəllərindəki inqilab hərəkatı A.Şaiqin dünyagörüşündə bir dönüş yaradır. İnqilabı «Azadlıq ulduzuna», «Hürriyyət pərisinə» bənzədən şair onun sönməsindən kədərlənirsə («Niyə uçdu?», «Bir quş», «Vətən» və s.), həyati, siyasi olayları öyrəndikcə «Bir zaman məhv olur şu istibdad» inamına gəlir. Onun romantik ruhlu humanizmi, demokratizmi «Həpimiz bir günəşin zərrəsiyiz» (1910) şeirində daha aydındır. «Köç», «Dağlar sultanı» kimi əsərləri isə Azərbaycan təbiətinin romantik simfoniyası kimi səslənir.

Azərbaycanda məktəb və maarif işinin yüksəlişi, milli uşaq ədəbiyyatının, uşaq dramaturgiyasının yaranması bir başa A.Şaiqin adı ilə bağlıdır. O, Azərbaycan müəllimlərinin I, II qurultaylarının hazırlanmasında komissiya üzvü kimi böyük iş görmüş, «Uşaq çeşməyi» (1907), «Uşaq gözlüyü» (1909), «Gülzar» (1912) və başqa yeni tipli dərsliklər yaratmışdır.

A.Şaiq qüdrətli sənətçi, azadlıq carçısı, gözəllik aşiqi kimi Azərbaycan Demokratik Cümhuriyyəti dövründə həvəslə çalışıb. Məktəblərin milliləşdirilməsi məsələsi haqqında rəsmi dövlət qəzeti «Azərbaycan»da ardıcıl çıxış edən milli təhsili ilk həyata keçirən də A.Şaiq olmuşdur. Bu illərdə buraxdığı «Milli qiraət», «Ədəbiyyat dərsləri» «Türk çələngi» (1919), «Türk ədəbiyyatı» (1920) kimi dərsliklərindən Azərbaycan gəncliyinin böyük bir nəsli dərs alıb, «Müsavat» hakimiyyəti ilərində yaratdığı «Türk ədəmi mərkəziyyət firqəsi», «Müsavata ithaf marşı», «Yeni ay doğarkən», «Vətənin yanıq səsi», «Arazdan Turana» kimi silsilə şeir və poemaları poeziyamıza yeni ab-hava gətirən sənət örnəklərindəndir.

Ömrünün altmış ilini xalqının xidmətinə yönəldən A.Şaiq bir ədəbiyyatşünas-alim, bir çox dünya ədəbiyyatı örnəklərini dilimizə çevirən sənətçi, xalq elçisi, el ağsaqqalı kimi də sayılıb, ən ali məclislərə seçilib, mükafatlandırılıb, orden və medallar alıb, Əməkdar incəsənət xadimi adına layiq görülübdür. Ən böyük mükafatı isə xalqın, millətin ona olan sevgisidir.

Abdulla Şaiq 24 iyul 1959-cu ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.




Yazarlar
Alınan
Müsahibə
Facebook