Həzrəti Əlinin Kəbədə doğulması

Hz. Əlinin (r) müqəddəs Kəbədə anadan olması haqda məlumat doğrudurmu? Əgər doğurdursa, bəs nə üçün hz. Məryəmə hz. İsanı dünyaya gətirmək üçün məscidə yaxınlaşdıqda izin verməyən Allah hz. Əlinin o müqəddəs yerdə doğulmağına izin verdi?

2011-04-23 09:20:18

Allaha həmd olsun! sualınıza cavab vermədən əvvəl “həqiqət” elmi haqqında bəzi məsələləri xatırlatmaq istərdik. İslam dini ilk növbədə nəqlə (gələn xəbər, rəvayət, vəhy) əsaslanan dindir. Bir çox dini məsələlər var ki, ağıl onu dərk etmir və məntiq də onun tam ziddini söyləyir. Eyni zamanda bunu da qeyd etmək lazımdır ki, dində məntiqə də yer vardır. Amma bu məntiq nəql yolu ilə gəlmiş xəbərlərin çərçivəsində olub ona uyğun olmalıdır.Hz. Əlinin şəxsiyyətinə gəldikdə, əvvəla, onun və onun kimi minlərlə müsəlmanın nəyin və kimin sayəsində məşhurlaşıb tanınması, sevilməsi, izzət-şərəf tapmasına diqqət yetirmək lazımdır. Küllü   aləm Allaha möhtacdır, Allahın isə hər hansı bir şeyə ehtiyacı yoxdur. İnsanlar isə Allaha möhtac olduqları kimi Onun dininə də möhtacdırlar.
Allahın bir insana lütf, mərhəmət etməklə onu Öz yoluna yönəltməsi, onu islamla şərəfləndirməsi Uca Rəbbin  insanlara bir yaxşılığıdır. 
“Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: “Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər (iman gətirdiyinizi) doğru deyirsinizsə, (bilin ki) sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuş olur!” (əl-Hucurat, 17)
Kimliyindən asılı olmayaraq bir insanın Allahın dininə girməsi və ya dinindən çıxması Allahın izzətindən, mülkündən, hökmündən bir şey əskiltməz.
“Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər” (Ali İmran, 144)
Allahın dinini yer üzündə yaşadan isə həmişə tapılar.
“Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!” (əl-Maidə, 54)
Bütün bu qeyd edilənlərdən aydın olur ki, bütün aləm, o cümlədən də hz. Əli İslam dini ilə izzət-şərəf tapmaqla məşhur olub sevildi. Bu dini isə Allahın elçi seçdiyi hz. Məhəmməd (s) gətirdi. Rəsulullahın (s) özü belə peyğəmbərlikdən əvvəl göy əhli tərəfindən tanınıb sevilsə də  bəşəriyyətin tanımadığı birisi idi. Yalnız ona peyğəmbərlik verildikdən sonra hz. Məhəmmədin (s) həyatı Allahın bir peyğəmbərini həyatı kimi dünya tərəfindən öyrənildi, araşdırıldı.
Bütün bunları qeyd edib xatırlamaqda məqsəd rəvayətlərin etibarlılığı, səhihliyi, ciddiliyini anlaya bilmək üçündür. Rəvayətin ciddilik və səhihliyi məsələyə olan münasibətdən, yanaşmadan, diqqət yetirmədən asılıdır. Buna görə Allah rəsulunun (s) peyğəmbərlikdən əvvəlki həyatı haqqındakı rəvayətlər etibar, həqiqilik baxımından peyğəmbərlikdən sonrakı həyatına nisbətən daha zəifdir. Yenə peyğəmbərliyinin ilk dövrü (13 illik Məkkə dövrü) sonrakı dövrünə (Mədinədəki 10 illik dövr) nisbətən daha zəif qəbul edilir. Çünki ilk dövrdə müsəlmanlar az, zəif, pərakəndə dağılmış halda olduqları üçün bütün imkanları məhdud idi. Amma Mədinə dövründə müsəlmanlar artıq bir mərkəzə (Mədinə şəhərinə) sahib mütəşəkkil, geniş imkanlara malik sabit bir dövr yaşayırdılar.
Əgər Allah rəsulunun həyatı haqqında bu faktlar mövcuddursa, onda hz. Əlinin həyatı haqqında nə demək olar? Halbuki hz. Əli islam  və bu dini gətirən Allahın göndərdiyi elçi - Rəsulullah (s) sayəsində bəşəriyyət tərəfindən tanındı, məşhur oldu. Sizin mövzu kimi toxunduğunuz hz. Əlinin dünyaya gəlməsi isə hz. Məhəmmədə (s) peyğəmbərlik verilmədən 7-10 il əvvələ təsadüf edir. Bütün bunları nəzərə alaraq demək olar ki, hz. Əlinin dünyaya gəlməsi haqqında,  ən səhih mənbə olan Quranda, nə də ondan sonrakı mənbə sayılan hədislərdə bir rəvayətə rast gəlinməyib. Bu barədəki xəbərlər bəzi tarix kitablarında keçir. Tarixi əsərlər isə kimlərinsə siyasi mənfəətinə uyğun yazıldığı kimi, həmçinin, onlarda kiminsə ucaldılması və ya alçaldılması üçün şişirtmə, qabartma, uydurma, xürafat yer almaqdadır. Bu baxımdan tarixi biliklər yəqinlik, qətilik, kəsinlik ifadə etməyib zənnə dayanır. (Biz bu barədə 283 nömrəli sualda geniş cavab vermişik. İstəsəniz, oraya baxa bilərsiz).
“Zənn isə əsla həqiqət ola bilməz.” (Yunus, 36)
“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır...” (əl-Hucurat, 12)
Hz. Əlinin şəxsiyyətinə gəldikdə, onu da qeyd etmək lazımdır ki, hadisələrlə zəngin həyat yaşamış bu böyük insanın adı ətrafında çox söz-söhbət getmişdir. Kimlərsə onu kafir saymaqla ona qarşı çıxmış (xaricilər), kimlərsə cümə xütbələrində ona qarşı nalayiq sözlər söyləmişlər (bəzi əməvi xəlifələri və valiləri), kimlərsə də onu həddən artıq ucaltmışlar. Məsələn, şiələrin bir qolu olan Əliallahiliyin mənsublarına  görə, hz. Əli Allahın yer üzündəki təcəllisidir. (Yəni, Allahın insan cildindəki özüdür). Və ya bəzi şiə firqələri hz. Cəbrayılın çaşaraq vəhyi hz. Əlinin əvəzinə hz. Məhəmmədə (s) gətirməsinə inanırlar.
Həmçinin, günümüzdə insanların çoxu  bir saqqallı, çalmalı kişi şəklini hz. Əliyə nisbət edib xristianların ikonasına bənzədilmiş bu əsəri maşınlardan, evlərdən asmaqla bunun ruzinin gəlməsinə səbəb olacağına inanmaqdadırlar.       
Yenə də bu gün bəzi avam insanların  hz. Əli haqqında söylədiyi xürafatlardan  bir də budur: “Rəsulullah (s) merac edərkən göylərdə plov yeyərkən bir qol (əlin) onunla bərabər plov yemişdi. Sonra Allah Rəsulu (s) yerə enərkən hz. Əli ona rast gələrək: “Amma plovdan da yedin” demiş və əlində bir neçə düyünü göstərmişdi. Rəsulullah da (s): “Gözümlə sənin insan olaraq doğulduğuna şahid olmasa idim sənə Allah deyərdim” demişdi.”
Bu kimi misallar, təəssüf ki, olduqca çoxdur. Hətta bu məsələdə hz. Əli hz. İsanın  taleyini bölüşməkdədir. Hz. İsa da insanların bir qismi tərəfindən hücuma, haqsızlığa, zülmlərə məruz qaldığı kimi, digər insanlar tərəfindən də Rəbb və ya Allahın oğlu səviyyəsinə qaldırılmış ibadət obyektinə - ilaha çevrilmişdir. Yuxarıdakı faktlardan görünür ki, Hz. Əli də həmçinin, eyni taleyi yaşayır. Ancaq həm Hz. İsaya, həm də Hz. Əliyə olan münasibətdə bu iki mövqe (ifrat və təfrit) arasında  orta mövqe tutan haqq əhli də olmuşdur. Bütün bunlar nəzərə alaraq, hz. Əli haqqında  səhih bir xəbər olmayan  söhbətləri ciddi qəbul etmək olmur.  
Nəticə olaraq onu deyə bilərik ki, hz. Əlinin Kəbədə dünyaya gəlməsi haqqında əlimizdə səhih və dəqiq bir məlumat yoxdur. Ümumiyyətlə, belə götürüldükdə İslamdan əvvəl Kəbə ərəblər tərəfindən müqəddəs hesab edilir, onun hörməti hər zaman qorunur, ona sayğı, təzim və ehtiram göstərilirdi. Buna görə heç bir qadının, o cümlədən də Qüreyşin şərəfli təbəqəsinə mənsub hz. Əlinin anası hz. Fatimənin uşaq dünyaya gətirməsi üçün Kəbəyə getməsi bir qədər real və ciddi görünmür.
Bir şeyi də demək istərdik. Bu hadisə (yəni hz. Əlinin Kəbədə dünyaya gəlməsi) bir həqiqət olub-olmamağı dində (müsəlmanın həyatında) prinsipial bir əhəmiyyət kəsb etmir. Hətta hz. Əlinin Kəbədə anadan olması bir həqiqət olsa belə, bu həqiqət tarixin bütün dövrlərində və bu gün Allaha ibadət üçün yaşayan bir müsəlmanın həyatını dəyişəcək bir təsirə malik deyildir. Necə ki hz. İsanın şərq tərəfdə və ya hz. Məhəmmədin (s) öz evində anadan olmasında olduğu kimi. Buna görə bu kimi məsələləri uzun-uzadı müzakirə etmək, bu haqda mübahisə etmək boş yerə vaxt itirməkdən başqa bir şey deyildir. Hər şeyin doğrusunu Allah bilir.
“Onlar  bir camaat idilər ki, keçib getdilər. Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Onların əməlləri barəsində sizdən sorğu-sual olunmaz.” (əl-Bəqərə, 134)