Fars körfəzi ölkələrinin birgə bəyanatı təxribat xarakterlidir

Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin birgə bəyanatı təxribat xarakterlidir. Bu barədə Trend-ə İran parlamentinin Xarici siyasət və

2011-04-05 07:16:48

Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin birgə bəyanatı təxribat xarakterlidir. Bu barədə Trend-ə İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının mətbuat katibi və millət vəkili Kazım Cəlali (Kazem Jajali) deyib.
"Bu bəyanat təxribat xarakterlidir və proseslərin həqiqiliyini gizlətməyə çalışmaqdan başqa bir şey deyil. Fars körfəzi ölkələri diqqəti əsas təqsirkarlara və xalqın tələblərinə yönəltmək əvəzinə İranı ittiham edir. Belə ittihamlara görə onların heç bir əsası və sübutları yoxdur", - Cəlali bildirib.
Ötən həftənin cümə axşamı İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyası bəyanat yayaraq Səudiyyə Ərəbistanı və BƏƏ-nin Bəhreynə hərbi qüvvələr göndərməsinə etiraz edib və bu kimi hərəkətlərin ehtimal olunun "nəticələri" ilə bağlı xəbərdarlıq edib. "Odla oynamaq Səudiyyə Ərəbistanının xeyrinə deyil", - İran parlamentinin bəyanatında deyilir.
Bundan sonra bazar günü Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin ər-Riyadda fövqəladə iclası keçirilib. İclasın sonunda müştərək bəyanat qəbul edilərək İranın Fars körfəzi ölkələrinin daxili işlərinə müdaxiləsi tənqid olunub. "İranın Bəhreynin daxili işlərinə müdaxiləsi beynəlxalq qanunlara ziddir və biz onu pisləyirik", - Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin bəyanatında deyilir.
Cəlali Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələri öz vətandaşlarının tələblərini icra etməyə çağırıb.
"Bizim fikrimizcə, Fars körfəzi ölkələri digər ölkələri ittiham etmək əvəzinə, xalqın tələblərinə diqqət etməlidirlər və həmin istəkləri yerinə yetirməyə çalışmalıdırlar", - o deyib.
Cəlali Səudiyyə Ərəbistanının Bəhreynə hərbçilər göndərməsini pisləyərək İranın bu cür hərəkətlərə etiraz edəcəyini deyib.
"Səudiyyə Ərəbistanının Bəhreynin daxili işlərinə müdaxilə etməsi və bu ölkəyə hərbi qüvvələr yeritməsi yolverilməzdir və İranın buna etiraz etməsi təbiidir. Bu hərəkətə qarşı etirazı məntiqi və şərəfi olan hər bir kəs edir. Biz qonşu ölkələrimizlə əlaqələrimizi genişləndirməklə yanaşı, müsəlman və ərəb xalqına qarşı bu cür hərəkətləri də pisləyirik və belə hərəkətlərə etiraz edəcəyik", - Cəlali deyib.
Bəhreyndə hökumətə qarşı mitinqlər başladıqdan sonra Bəhreyn rəsmiləri Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrdən mitinq iştirakçıları ilə mübarizə aparmaq məqsədilə əlavə qüvvələr göndərməyi istəyib. Bundan sonra bir neçə ölkə, o cümlədən Səudiyyə Ərəbistanı Bəhreynə yüzlərlə hərbçi göndərib.
Cəlali bəzi qonşu ölkələrin İrana qarşı düzgün mövqe tutmamasında ABŞ və İsrailin əli olduğunu vurğulayıb. "İran həmişə öz qonşu ölkələri ilə yaxşı əlaqələr qurmaqda maraqlıdır. Təəssüflər olsun ki, bəzi ölkələr ABŞ və İsrailin təsiri altında İrana qarşı düzgün mövqe nümayiş etdirmir və İranı onların daxili işlərinə qarışmaqda ittiham edirlər", - Cəlali deyib.
TREND