Məhəmməd Mustafa əl-Baradey kimdir?

Misirli hüquqşünas, Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş Baş direktoru, Nobel Sülh Mükafatı laureatıdır.

2011-02-05 10:33:43
Misirli hüquqşünas, Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş Baş direktoru, Nobel Sülh Mükafatı laureatıdır.


Məhəmməd əl-Baradey 1942-ci il iyun ayının 17-də Misirin Qahirə şəhərində anadan olub. Prezident Camal Əbdünnasirin dövründə Misir Vəkillər Assosiasiyasının sədri olan atası Mustafa əl-Baradey ölkəyə hava və su kimi lazım olan demokratik hüquqlar, mətbuat azadlığı və müstəqil hüquq sisteminin bərqərar edilməsinin tərəfdarı idi.
M. əl-Baradey 1962-ci ildə Qahirə Universitetinin Hüquq fakültəsindən məzun olur. Daha sonra İsveçrənin Cenevrə şəhərindəki Beynəlxalq və İnkişaf Araşdırmaları İnstitutunda Beynəlxalq Hüquq üzrə DEA dərəcəsi alan əl-Baradey 1974-cü ildə Nyu-York Universitetinin Hüquq məktəbində fəlsəfə elmləri doktoru dərəcəsini alır.
Əl-Baradey 1964-cü ildə BMT-nin ABŞ-ın Nyu-York və İsveçrənin Cnevrə şəhərlərində yerləşən Misirin Daimi Missiyasında siyasət, hüquq və silahlara nəzarət məsələləri üzrə əməkdaşı kimi iş karyerasına başlayır. 1974-cü ildən 1978-ci ilədək isə o, Misirin Xarici İşlər nazirinin xüsusi köməkçisi vəzifəsini icra edir. 1980-ci ildən etibarən bir il müddətində BMT-dəki Təlim və Araşdırmalar İnstitutunda Beynəlxalq Hüquq Proqramından cavabdeh baş işçi vəzifəsində çalışan əl-Baradey sonrakı 6 il ərzində (1981-1987) ABŞ-ın Nyu-York Universiteti nəzdində fəaliyyət göstərən Hüquq məktəbində Beynəlxalq Hüquq üzrə “Əlavə Professor” kimi işləyir.
Məhəmməd əl-Baradey 1984-cü ildən etibarən Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA) hüquq məsləhətçisi (1984-1993) və Baş Direktorun Beynəlxalq Münasibətlər üzrə köməkçisi vəzifələrini icra edir (1993-1997).
1997-ci ilin dekabr ayının 1-də əl-Baradey BAEA-nın Baş Direktoru vəzifəsinətəyin olunur. Bu postda o isveçli sələfi Hans Bliksi əvəz edir. Əl-Baradey BAEA-ın Baş direktoru vəzifəsini 2009-cu ilin noyabrına qədər 12 il müddətində icra edir. Əl-Baradeyin quruma rəhbərlik etdiyi dövr İraqda nüvə silahı axtarışlarının bəhanə edilərək, 2003-cü ilin martında ABŞ-ın İraqı işğal etdiyi və İranın nüvə proqramı ətrafında gərginliyin artdığı vaxta təsadüf edir. İraqın nüvə silahına sahib olması bəhanəsi ilə işğal edilməsindən sonrakı müsahibələrindən birində: “İraq müharibəsi bizə bu kimi məsələlərdə daha səbirli olmaq gərəkdiyini bir daha nümayiş etdirdi”, - deyən əl-Baradey 2007-ci ildə “Si-En-En” telekanalına müsahibəsində İranın nüvə proqramı məsələsinə toxunarkən bu məsələ ilə bağlı ən sərt xəbərdarlıqlarından birini edir. Əl-Baradey sözügedən müsahibəsində İranın Nüvə Silahının Yayılmaması üzrə Müqaviləyə qoşulduğunu qeyd edərək, bu ölkəyə hərbi müdaxilə edilməsinin əleyhinə olduğunu bəyan edir.
2009-cu ilin aprelində “Nyu-York Tayms” qəzetinə müsahibə verən əl-Baradey İsrailin İranın nüvə müəsssisələrinə zərbə endirmə planları ilə bağlı suala cavabında bunun baş verəcəyi təqdirdə regionun alov topuna dönəcəyini bildirir. Habelə o, Nüvə İsrailin nüvə silahı proqramı ilə bağlı ikili standartlardan dolayı Silahının Yayılmaması üzrə Müqavilənin ərəblərin gözündə legitimliyini itirdiyinə inandığını vurğulayır.
Əl-Baradey Fransanın “Le Monde” qəzetinə müsahibəsində isə: “Mən insanların İranın nüvə məsələsinə görə gələcək üçün təhlükəli olması, eləcə də İrana zərbələr endirilməsi yaxud bu ölkənin nüvə silahına sahib olmasına icazə verilməməsi kimi fikirlərindən daşınmalarını istəyirəm. BAEA-nın Baş direktoru: “İraq güc tətbiq etmək surətilə problemlərin həll olunmadığı, əksinə daha da çətinləşdiyi həqiqətinə bariz nümunədir”, - deyir.
2009-cu ilin oktyabrında İranın nüvə məsələləri üzrə keçmiş nümayəndəsi Əli Əkbər Salehi ilə birgə mətbuat konfransı keçirən əl-Baradey İsraili tənqid edərək, bu ölkənin 30 il müddətində öz qapılarını BAEA nümayəndələrinin üzünə açmadığını qeyd edir.
2010-cu ilin iyul ayının 12-də isə Almaniyanın “Der Spiegel” jurnalına müsahibə verən əl-Baradey İranın nüvə silahı istehsal etmək cəhdləri ilə bağlı deyilənlərə inanmadığını bildirir və bu fikirlərinə görə o, ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays tərəfindən dolayı olaraq, tənqidə məruz qalır.
2005-ci ildə Məhəmməd əl-Baradey Xərçəng Xəstəliyinin Müalicəsi üzrə Fəaliyyət Proqramındakı xidmətlərinə və nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətindəki səylərinə görə Nobel sülh mükafatı ilə təltif edilir.
2009-cu ildən BAEA baş direktorluğu vəzifəsindən istefa verən əl-Baradey daha sonra Misirə qayıdır. 2011-ci ilin yanvar ayının sonlarına doğru Misirdə hökumət əleyhinə gənclərin başlatdığı üsyana qoşulan əl-Baradey müxalifət nümayəndəsi kimi ölkə prezidenti Hüsnü Mübarəkin vəzifəsindən getməsi tələbi ilə çıxış edir.
Bəzi siyasi dairələr əl-Baradeyinin Misirdə Hüsnü Mübarəkdən sonra prezident postuna gəlmək imkanlarını yüksək qiymətləndirirlər.
Əl-Baradey BAEA-nın Baş direktoru olduğu dövrdə Avstriya, Almaniya, Əlcəzair, ABŞ, İtaliya, Misir, Macarıstan, Argentina, Çin və bir çox digər ölkələrin müxtəlif medal və mükafatları ilə təltif edilib.
Hazırda Beynəlxalq Hüquq Assosiasiyasının və Amerika Beynəlxalq Hüquq Cəmiyyətinin üzvü olan əl-Baradey Aidə əl-Kaşif ilə evlidir. Cütlüyün iki övladı və bir nəvəsi var.