Azərbaycanın milli-mənəvi dəyərlər sistemində

ailə institutu sarsılmaz yer tutur

2011-02-04 08:17:16
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın komitənin yaranmasının 5 illiyi ilə bağlı Trend-ə müsahibəsi

- Hicran xanım, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin beş illik fəaliyyətini necə qiymətləndirirsiniz? Bu müddət ərzində Komitə fəaliyyət göstərdiyi sahələr üzrə hansı təkliflərlə çıxış edib?

- Beş il əvvəl - 6 fevral 2006-cı ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 361 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü surətdə həyata keçirilməsi nəticəsində bu gün respublikamızda milli dövlətçilik ənənələri özünün uğurlu təcəssümünü tapır. Ölkənin ictimai-siyasi həyatında əldə olunmuş sabitlik və iqtisadi nailiyyətlər insanların rifah halının yüksəldilməsinə xidmət edir, cəmiyyət həyatının bütün sahələrində davamlı inkişafı şərtləndirir. Mövcud potensial sosial siyasətin prioritet istiqamətini təşkil edən ailə, qadın və uşaq problemlərinin həlli üçün etibarlı zəmin yaradır.

Komitə yaranandan daim güclü dövlət dəstəyini hiss edir. İlk növbədə, qeyd etməliyəm ki, möhtərəm Prezidentimiz və onun Administrasiyası, Nazirlər Kabineti qarşıda duran vəzifələrin uğurlu həlli üçün bütün zəruri şəraiti yaratmışlar. Ötən müddətdə Komitənin əməkdaşlarının sayı və büdcəsi dəfələrlə artmış, ayrı-ayrı rayonlarda 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi bizim balansımıza verilmişdir.

Bizim üçün xüsusilə önəmlidir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva ölkəmizdə ailə, qadın və uşaq problemlərinin həllinə böyük qayğı və diqqətlə yanaşır. Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər bu sahədə əhəmiyyətli irəliləyişə nail olmağa imkan vermişdir.

Beşillik işin başlıca yekunlarından biri qarşıya qoyulmuş vəzifələrin həlli üçün hüquqi bazanın möhkəmləndirilməsi olmuşdur. Bu mənada biz Milli Məclislə sıx əməkdaşlığımızı gələcəkdə də davam etdirəcəyik. Ailə, qadın və uşaq problemləri kompleks xarakter daşıdığından, müvafiq istiqamətlər üzrə aidiyyatı dövlət qurumları ilə sıx qarşılıqlı fəaliyyətin həyata keçirilməsi olduqca önəmlidir. Təcrübə göstərir ki, əlaqədar dövlət qurumları ilə birgə fəaliyyət daha böyük səmərə verir və qarşıya qoyulmuş vəzifələrin daha uğurla həyata keçirilməsini təmin edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər üç istiqamət üzrə qarşıya qoyulmuş vəzifələri həyata keçirmək məqsədilə bütün gücünü səfərbərliyə alaraq, milli dövlətçiliyin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması nəticəsində Komitənin fəaliyyət sahəsi və vəzifələri əhəmiyyətli dərəcədə artırılmışdır. Digər tərəfdən, Komitəmiz sosial yönümlü funksiyaları daşıyan orqanların vahid dövlət sistemində özünəməxsus yer tutur. Ümumiyyətlə, Komitənin fəaliyyəti müsbət qiymətləndirilir. Beynəlxalq təşkilatların (BMT-nin Əhali Fondu, YUNİCEF, Avropa Şurası və s.) Azərbaycan üzrə hesabatlarında Komitənin fəaliyyəti insan hüquqlarının qorunması sahəsində dəstəklənir və qeyd edilir. Komitənin fəaliyyəti ərzində (bizim lobbiçiliyimiz əsasında) iki qanun qəbul edilib - Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında (10 oktyabr 2006) və Məişət zorakılığının qarşısının alınması haqqında (22 iyun 2010). Həmin qanunların layihələrinin hazırlanmasında Komitə fəal iştirak edib.Yuxarıda qeyd etdiyim qanunlar Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyinin təkmilləşdirilməsinə və qadın hüquqlarının müdafiəsinə yönəldilmişlər.
Komitənin əsas məqsədlərindən biri də məişət zorakılığının qarşısının alınmasıdır. Avropa Şurasının tövsiyələrinə əsasən, Azərbaycan "Məişət zorakılığının qarşısının alınmasına dair kampaniya"nın üzvü olmuşdur. Həmin kampaniya 2006-2008-ci illər ərzində keçirilmişdir. Komitə mütəmadi olaraq məişət zorakılığının qarşısının alınması məqsədilə həmin layihələr çərçivəsində Azərbaycanın bütün şəhərlərində və regionlarında əhali arasında təlimlər və konfranslar, maarifləndirmə işləri aparır. Qeyd edilən məsələ üzrə Azərbaycana xarici ekspertlər dəvət edilir, bizim nümayəndələr mütəmadi olaraq xaricdə təlimlərdə iştirak edirlər. Bildiyiniz kimi, Komitə 2007-ci ildən Azərbaycanda ölkələrarası övladlığa götürmə sahəsində mərkəzi orqan təyin edilmişdir. Buna görə də bizim qurum öz fəaliyyəti ərzində övladlığa götürmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair bir sıra təkliflərlə çıxış etmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2008-ci il tarixli, 166 saylı qərarı ilə "Ölkələrarası övladlığa götürmə" ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya qaydası" təsdiq edilmişdir. Layihə Komitə tərəfindən hazırlanmışdır.
Eyni zamanda, Komitə tərəfindən Ailə, Mülki, Mülki-Prosessual, Əmək məcəllələrinə, müvafiq qanunlara və s. qanunvericilik aktlarına insan hüquqlarının müdafiəsi sahəsini təkmilləşdirmək məqsədilə təkliflər hazırlanıb müvafiq qurumlara təqdim edilmişdir.
- Avropa Şurası qanunvericilikdə qadınlarla kişilər arasında bərabərsizliyin aradan qldırılması ilə bağlı tövsiyələr verib. Qanunvericilikdə bununla bağlı boşluqlar hansı sahələrdədir və Komitə hansı təklifləri irəli sürüb?
-Bildiyiniz kimi, Komitə mütəmadi olaraq Avropa Şurasının CDEG (gender bərabərliyi məsələlərinə dair) Komitəsində fəal iştirak edir və hesabatlar təqdim edilir. Eyni zamanda, 2010-cu il 24-25 may Bakıda Avropa Şurasına üzv olan ölkələrin gender məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyinin de-yure və de-fakto təmin edilməsi" mövzusuna həsr edilmiş VII konfransı keçirilmişdir. Həmin konfransda Avropa Şurasının üzv dövlətlərinə tövsiyələr və fəaliyyətlər üzrə Tədbirlər Planı qəbul edilmişdir. Bu gün Avropa Şurasının əsas tövsiyələrindən biri məişət zorakılığının qarşısının alınması məqsədilə xüsusi qanunun qəbul edilməsi, bu sahədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlıdır. Bildiyiniz kimi, 2010-cu ildə həmin qanun qəbul edilmişdir. Qanuna əsasən xüsusi məlumat bankı yaradılacaq, zorakılıqdan zərər çəkənlər üçün yardım mərkəzləri açılacaq.

Qeyd etmək lazımdır ki, hazırda Komitə tərəfindən təqdim edilən qanunvericilik təkliflərinnə Milli Məclisin müvafiq komissiyaları tərəfindən baxılır. Həmin təkliflər əsasən qadınlar və kişilər üçün nikah yaşının bərabərləşdirilməsi, nikah müqaviləsinin bağlanılması, uşaq hüquqlarının və gender bərabərliyinin təmin edilməsi məqsədilə mexanizmlərin təkmilləşdirilməsi ilə bağlıdır. Eynin zamanda, Komitə mütəmadi olaraq quruma daxil olan sənəd layihələrini gender ekspertizasından keçirir.

- İctimai-siyasi həyatda, qərar qəbuletmədə Azərbaycan qadınlarının təmsilçiliyinin səviyyəsini necə qiymətləndirirsiniz?

- Hazırda ölkəmizdə əhalinin təxminən 51 faizini təşkil edən Azərbaycan qadınları özlərinin ictimai-siyasi fəallığı, vətənə sədaqəti, ailəyə bağlılığı və fədakarlığı sayəsində həm Şərq, həm də Qərb dünyası üçün unikal inkişaf yolu keçiblər.

Tarixin bütün dövrlərində cəmiyyətdə qadının tutduğu mövqe mühum məsələlərdən biri olub. Lakin danılmaz tarixi faktdır ki, ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları demişdir: "Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir".

Bu gün Azərbaycan qadınından söz düşərkən ilk əvvəl hamının gözləri önündə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın parlaq obrazı canlanır. Bu gün Azərbaycan qadını qürur duyur ki, qadınların ictimai həyatda aktiv rolunun təmin edilməsinə böyük qayğı ilə yanaşan, dünyada qadın hərəkatı liderlərindən biri kimi tanınan, insanlara məhəbbət və şəfqət rəmzi olan birinci xanımımız var!

Bu gün Azərbaycanda qadınlar dövlətin yaratdığı bütün imkanlardan istifadə edir, sərbəst təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi proseslərdə fəal iştirak edir, siyasət, sahibkarlıq kimi sahələrdə geniş təmsil olunur, səhiyyədə, təhsildə, idmanda, orduda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında çalışırlar. Əlbəttə, biz bu sahədə əldə olunmuş uğurlarla kifayətlənə bilmərik. Qadın problemlərinin həlli üçün peşəkar mütəxəssislərin bu prosesə cəlb edilməsi, qadınların hakimiyyətdə və idarəetmədə iştirak səviyyəsinin daha da yüksəldilməsi istiqamətində ardıcıl addımlar atılmalıdır. Bizim vəzifəmiz qadınlarımızın liderlik mövqeyinin möhkəmlənməsinə, onların cəmiyyətin bərabərhüquqlu üzvü kimi öz potensialını tam reallaşdırmasına nail olmaqdan ibarətdir.
Sevindirici haldır ki, dövlətimiz və hakimiyyət orqanları qadın problemlərinə diqqəti gücləndirmişlər. Bu sahədə görülən işlər Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, bütün müvafiq dövlət strukturlarının diqqət mərkəzindədir. Eyni zamanda, qeyd olunan məsələlərin həllində qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlar da fəal surətdə iştirak edirlər. Bu gün qadınlarımız qərar qəbuletmədə xüsusilə fərqlənirlər. Xatırladım ki, 2004-cü ildə bələdiyyə üzvlərinin cəmi 4 faizi qadınlar olduğu halda, 2009-cu ildə artıq bu rəqəm 26,5 faizə qalxmışdır. Bu gün Azərbaycanda Parlament sədrinin üç müavinindən biri, Parlamentin 125 deputatından 20-si, İnsan Hüquqları üzrə müvəkkil (Omdusman), 1 Dövlət Komitəsinin sədri, 1 Dövlət Komissiyasının sədri, 4 nazir müavini, Konstitusiya Məhkəməsinin sədr müavini və 1 hakimi qadındır.
Biz qadın məsələsindən danışarkən qadın qeyri-hökumət təşkilatlarının da rolunu qeyd etməliyik. Hazırda ölkədə 90-a yaxın qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. Dövlət rəhbərliyinin vətəndaş cəmiyyətinin inkişafına hərtərəfli dəstək verməsi qeyri-hökumət təşkilatları şəbəkəsinin genişlənməsi üçün etibarlı zəmin formalaşdırır. Artıq sübut olunmuşdur ki, qadın peşəkarların fəaliyyəti cəmiyyətin dinamik və harmonik inkişafına gətirib çıxarır.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT-nin Əhali Fondu, YUNİSEF, YUNİFEM kimi ixtisaslaşdırılmış strukturların, Avropa Şurası və digər təsisatların dəstəyi Komitəmizin bu sahədə çoxşaxəli fəaliyyətinin həyata keçirilməsində önəmli rol oynayır. Bizim beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirdiyimiz ən mühüm layihə kimi Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu arasında imzalanmış "XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə" layihəni qeyd etmək istərdim. Həmin layihə zorakılıq, ailə-məişət problemlərinin öyrənilib təhlil edilməsi və çıxış yollarının tapılması baxımından da zəruri əhəmiyyət daşıyır.

- Azərbaycan ailələrindəki əsas problemlər hansılardır? Ailədə qadın və uşaqların hüquqlarının təmin olunması ilə bağlı hansı problemlər var?

-Qeyd etmək istəyirəm ki, cəmiyyətin əsası olan ailə bəşər tarixindən mövcuddur. Min illər ərzində, tarixin hər bir mərhələsində ailə cəmityyətin inkişafında mühüm rol oynamışdır. Ailəyə bütün xalqlar həmişə müqəddəs nünasibət bəsləmişdir. Azərbaycan xalqı isə onun ləyaqətini hər şeydən uca tutmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bu gün dövlət ailə siyasəti uğurla həyata keçirilir. Müasir günlərimizdə ailə dəyərlərinin əhəmiyyətini yüksək qiymətləndirən Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün social-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və deyə bilərəm ki, ailə dəyərləri, əslində bizim milli dəyərlərimizdir. Azərbaycan dünya birliyinə inteqrasiya edir. Əlbəttə ki, dünyada gedən qloballaşma prosesi bizdən də yan keçmir.Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas dəyərlər Azərbaycanın milli dəyərləridir. Bu baxımdan əgər tarixə də nəzər salsaq görərik ki, xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır".

Azərbaycanın milli-mənəvi dəyərlər sistemində ailə institutu sarsılmaz yer tutur. Ailə dəyərlərinin qorunub saxlanılması təkcə Azərbaycanda deyıl, bütün Şərq dünyasında ənənəyə çevrılmışdir. Hökumətimiz ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bütün dünyaya müasir Azərbaycan ailəsinin qarşılıqlı ehtiram, əməkdaşlıq kimi yüksək dəyərlər üzərində qurulduğunu göstərirlər. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması isə müstəqil respublikamızın ailə siyasətinin həyata keçirilməsində yeni mərhələnin başlanğıcını qoymuşdur.

Komitəmiz bu sahədə dövlət proqramlarının uğurla reallaşdırılması və digər qurumların səylərinin əlaqələndirilməsi istiqamətində ardıcıl iş aparır. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəxəssislərinin apardıqları təhlil ölkəmizdə ailənin inkişafı sahəsində müsbət dinamikanın mövcudluğunu bir daha təsdiq edir.

Bu gün Qərb ölkələrinin bir qismində ailə bir institut kimi dəyərini itirməkdədir. Azərbaycanda bu prosesin qarşısının alınması məqsədi ilə bir sıra addımlar atılır.

Biz həmişə Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik. Bu, əsasən bizim milli mentalitetimizdən irəli gəlir. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması bizim ailələrə xas olan keyfiyyətlərdir.

Bizim analar övladları dünyaya gəldikləri gündən onları milli-mənəvi dəyərlərimizlə tərbiyə edirlər. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının bünövrəsidir. Ailədən aşılanan müsbət mənəvi-psixoloji iqlim ictimai mühitə də nüfuz edir.

Azərbaycan dövlətinin ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədi ilə həyata keçirdiyi ardıcıl tədbirlər ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir.

Tarixən formalaşmış ailə münasibətlərini qoruyub saxlamaq və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməklə ailə institutunu daha da inkişaf etdirmək bu sahədə reallaşdırılan siyasətin ana xəttini təşkil edir. Buna görə də ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması milli-mənəvi və dünyəvi dəyərlərin birləşməsi prosesində həyata keçirilməlidir. Bu gün cəmiyyətimiz öz layiqlı, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında maraqlıdır. Hazırda ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində olduqca mühüm tədbirlər həyata keçirilir. Dağlıq Qarabağ münaqışəsi nəticəsində ciddi sosial-psixoloji çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkün ailələrinə dövlət başçımızın daimi diqqəti sayəsində həmin insanların bir çox problemləri artıq həll olunmuşdur. Qaçqın və məcburi köçkün ailələrinin sosial problemlərinin həlli ilə əlaqədar dövlət proqramlarına dəstək verən bir sıra layihələr reallaşdırılır. Həmin layihələr ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulmasına, eyni zamanda onların firavanlığının təmin olunmasına xidmət edir.

Bizim Komitənin fəaliyyətinin əsas istiqaməti həssas qruplardan olan ailələrə sadəcə yardım göstərmək deyil, onları ictimai həyata cəlb etməkdir. Bununla əlaqədar qaçqın və məcburi köçkün ailələrindən olan beş yüz nəfərə yaxın yeniyetmə xarici dil, kompüter və peşə kurslarında təlim keçmişdir.
Cəmiyyətdə ailə institutunun möhkəmlənməsi, hər şeydən əvvəl nüfuzlu və uzun ömürlü ailələrin nümunəsinə əsaslanır. Biz Beynəlxalq Ailə günü ərəfəsində bölgələrdə nümunəvi ailələrin müəyyən edilməsinə çalışmışıq. Bu gün ölkəmizdə xüsusi istedadı, bədii və müsiqi yaradıcılığı, yüksək idman göstəriciləri, digər qabiliyyət və maraqları ilə seçilən ailələrimiz var. Elə həmin ailələrin təcrübəsi əsasında da Azərbaycan ailəsi daha da möhkəmlənir, inkişaf edir.

Bununla belə, deməliyik ki, müxtəlif problemlər də bu ailələrdən yan keçməyib.Azərbaycan ailələrinin rastlaşdıqları müxtəlif problemlər arasında ən çox rast gəlinən maddi problemlərdir. Lakin erkən nikah, nikah müqaviləsinin olmaması, qan qohumluğu, mənzil və kommunal, ailədaxili münaqişələr, sağlamlıqla və uşaqların təhsili ilə bağlı məsələlər də xüsusən gənc ailələrin problemlərindəndir.

- Qadınlara qarşı stereotiplərin aradan qaldırılması üçün hansı tədbirlərə zərurət var?

- Bilirik ki, cəmiyyət nə qədər inkişaf edirsə-etsin, müəyyən sahələrdə stereotiplər həmişə mövcuddur. Qadınlarımız isə öz hüquqlarını bilməmələri üzündən daha böyük maneələrlə üzləşirlər. İstər cəmiyyətdə, istərsə də ailədə öz yerlərini tapmaq onlara çətin olur. Buna görə də qadınlarımız hər sahədə, xüsusən hüquqi cəhətdən maariflənməlidirlər. Bu məqsədlə biz Komitə olaraq əhalinin maarifləndirilməsi istiqamətində müəyyən addımlar atırıq. Bu baxımdan "Cəmiyyətdə formalaşmış gender stereotiplərinin aradan qaldırılmasında KİV-lərin rolu" mövzusunda keçirdiyimiz "dəyirmi masa"lar xüsusi əhəmiyyət daşıyır. Həmin tədbirlər qadın problemlərinin və gender məsələlərinin kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılmasına, cəmiyyətdə yaranmış stereotiplərin aradan qaldırılmasında və əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsində kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə edilməsinə yönəlmişdi.