Günahlar nə vaxtdan sayılır?

Mükəlləflik bir yük altına girmək deməkdir. Şəriətdə mükəlləflik insanın yaşadığı həyatda müəyyən öhdəliklərə sahib olması, yaşadığı həyatdan dolayı məsuliyyət daşımasıdır.

2010-11-25 14:40:14
 Mükəlləflik bir yük altına girmək deməkdir. Şəriətdə mükəlləflik insanın yaşadığı həyatda müəyyən öhdəliklərə sahib olması, yaşadığı həyatdan dolayı məsuliyyət daşımasıdır. Yəni, insan müəyyən öhdəliklər daşıyır və qəlbində sahib olduğu inanclara, düşüncələrə, danışdığı sözlərə, əzaları ilə işlətdiyi əməllərə görə məsuliyyət daşıyır və bütün bunlara görə rəbbi qarşısında hesab verəcək.
Aşağıdakı ayədə də (tərcümə olaraq) buna işarə edilib:
“Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi)” (əl-Əhzab, 72).
Ayədən göründüyü kimi, bu məsuliyyət insana xas bir işdir. Göylər, dağlar, yerlər, heyvanlar, ağaclar və sair məxluqat işlədiyi əməllərə görə, məsuliyyət daşımır. Məsələn, əgər bir inək bir adamın qoruğuna daxil olub oraları xarab edərsə, həmən heyvan məsuliyyət daşımadığı üçün mühakimə edilməz və ona qarşı cəza hökmü də tətbiq edilməz. (Ev heyvanlarına, insanlara və ya tarlalara ziyan verən heyvanları məhv etməyə icazə vardır. Amma bu onların cinayətdən dolayı ölümə məhkum edilməsi anlamına gəlməz. Bu zərəri dəf etmək üçün görülən tədbir kimi qiymətləndirilməlidir)
Başqa bir misal: əgər bir bulud bir əraziyə yağış yağdırmaqla oraları viran qoyarsa, nə bulud, nə də onu qovub gətirən külək məsuliyyət daşımaz. Çünki bunlar insandan fərqli olaraq məsuliyyətlə yükümlü (mükəlləf) deyilllər. İnsana gəldikdə, o, ümumi mənada məsuliyyət daşıdığı halda bəzi hallar, şərtlər, amillərdən asılı olaraq xüsusi hallarda məsuliyyət daşımaya bilir.
Məsələn, Rəsulullahın (s) buyurduğu kimi, “Qələm üç nəfərin üzərindən götürülmüşdür: oyanana qədər yuxuya dalmış kimsə, həddi-buluğa çatana qədər uşaq və ağlı bərpa olana qədər ruhi xəstə” (Əbu Davud, Hüdud 16; Tirmizi, Hüdud 7; Nəsai, Təlaq 21; İbni Macə, Təlaq 15).
Bu hədisdən göründüyü kimi, hər üç zümrədə ortaq bir xüsusiyyət olan ağılın naqisliyi bunların üzərindən məsuliyyəti qaldırmışdır. Bu xüsusiyyət (ağıla sahiblik) insanı məsuliyyətdən azad olan digər məxluqatdan ayıran əsas amillərdəndir.
Onu da qeyd etmək istərdik ki, ağıl naqisliyi insanın bəzi hallarda günah daşımasından azad olmasının yeganə amil deyil. Bəzən ölüm təhdidi kimi məcburiyyət qarşısında işlədilən (məsələn, dildə dinindən dönmək, donuz əti yemək və sair başqasına zərər verməmək kimi yalnız öz şəxsinə aid olan) bəzi günahlardan dolayı insan məsuliyyətdən azad edilmişdir. Çünki atası və anası gözü qarşısında şəhid edildikdən sonra Əmmar ibn Yasir (r) qəlbi imanla dolu olduğu halda dildə dinindən dönmək məcburiyyətində qalmışdır. Hadisə Peyğəmbərə (s) ərz edildikdə o: “Bir daha eyni şeyi etməyi səni məcbur edərlərsə, sən də elə et” buyurdu. (Bax: Hakim, əl-Müstədrək, II, 357) Bəzi rəvayətlərə görə ən-Nəhl surəsinin 106-cı ayəsi bu hadisə səbəbindən nazil olmuşdur.
“Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!” (ən-Nəhl, 106).
Həmçinin şiddətli açlıq ilə qarşı-qarşıya qalan adamın vəziyyətini də misal vermək olar. Belə bir vəziyyətdə olan adam haram qidadan başqa qida olmadığı təqdirdə ölməməsi üçün kifayət edən miqdarda o qidadan yeyə bilər. Bundan dolayı o günahkar olmaz.
“...Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (əl-Maidə, 3).
İnsanın günahlarından dolayı məsuliyyət daşımasına dair ümumi məlumatdan sonra sizin bu mövzu ilə əlaqədar qeyd etdiyiniz insanın yaş həddinə açıqlama gətirməyə çalışaq. Yuxarıda da qeyd etdiyimiz hədisdən məlum olduğu kimi, həddi-buluğa çatmamış uşaq işlətdiyi əməllərdən dolayı məsuliyyət daşımaz. 
“Qələm üç nəfərin üzərindən götürülmüşdür: oyanana qədər yuxuya dalmış kimsə, həddi-buluğa çatana qədər uşaq və ağlı bərpa olana qədər ruhi xəstə”
İnsan həyatına dair endirilən ilahi hökmlər əsasən insan həyatını iki hissəsyə bölür. Uşaqlıq dövrü və ona dair hökmlər və həddi-buluğa çatdıqdan sonrakı dövr və ona dair hökmlər. Uşaqlıq dövrü də iki hissəyə bölünür. Körpəlik dövrü bir də “seçmək”, “ayırd etmək”, “fərqləndirmək” anlamına gələn “Müməyyəz” dövrü. Bu dövr uşaqdan uşağa dəyişir. Kimlərsə 4-5 yaşında “təmyiz” ola bilirsə də, bəziləri 6-7 yaşında belə bu səviyyəyə çatmırlar. Bu vaxt hədislərdə 7 yaş, süd dişlərinin töküldüyü dövr, sağını-solunu ayırma zamanı, 20-yə qədər saya bilmə, namazı anlama kimi tərif edilməkdədir. Bu vaxtdan etibarən uşaq alışdırlmaq üçün namaza dəvət edilir. Artıq on yaşında uşaqların yatağı ayrılır. Həmçinin, atası və anası ayrılmış uşağa bu yaşda kiminlə qalacağını seçmə haqqı verilir. 
Uşağın həddi-buluğa çatması vaxtdan etibarən uşaq digər müsəlmanlar kimi bəzi məsuliyyətlərə yüklənməklə bərabər eyni zamanda bəzi haqqlar da əldə etmiş olur. Məsələn,
*Həddi-buluğa çatmış müsəlman namaz, oruc, həcc kimi ayinləri, həmçinin, dini, aciz müsəlmanları müdafiyə etmək (cihad) və sair vəzifələri yerinə yetirməklə yükümlü olur.
*Haram edilmiş əməlləri işlətdiyi halda günaha batmış olur.
*İşlətdiyi bəzi günahlara görə məsuliyyət daşımaqla bərabər cinayət məsuliyyətinə cəlb edilir. Ona qarşı layiq olduğu cəza tətbiq edilir.
*Bu vaxtdan etibarən vəli (qəyyum - ata, əmi, baba, qardaş...) həddi-buluğa çatmış oğlan uşağını yedirtmək, geyindirmək və sair ehtiyaclarını ödəməklə yükümlü olmaz (Ancaq buna könüllü davam edə bilər). Qız uşağına gəldikdə ərə gedənə qədər onun ehtiyacları vəlisinin boynunda bir haqqdır.
*Bu həddən sonra uşağın yetimliyi sona çatır. Atasından qalan var-dövləti bu vaxta qədər əmanət olaraq saxlandığı halda bu andan etibarən onun ixtiyarına verilir.
“Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını (rəşid olduqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın...” (ən-Nisa, 6).
Həddi-buluğa çatma zamanına gəldikdə, bu barədə biri-birinə yaxın anlamda fərqli fikirlər ortaya qoyulmuşdur.
Bir qisim alimlər həddi-buluğa çatmanın bəzi əlamətlərin baş verməsi ilə başlamasını bildirirlər. Məsələn, səsin yoğunlaşması, bığların çıxması, övrət yerinin tüklənməsi və sair.
Buna da Bəni-Qureyzə hadisəsini dəlil gətirirlər. Belə ki, Bəni-Qureyzə Mədinədə yaşayan yəhudi qəbiləsi idi. Peyğəmbər (s) Mədinəyə gəldikdə oradakı bütün tərəflərlə müqavlə bağladı. Bu müqaviləyə əsasən Mədinə xarici qüvvələr tərəfindən hücuma məruz qalarsa, bütün müqavilə tərəfləri (o cümlədən də Bəni-Qureyzə qəbiləsi) ittifaq halında Mədinəni müdafiə etməliydi. Xəndək savaşı zamanı Qureyzə oğulları əhdlərinə xələf çıxaraq, Mədinəni mühasirəyə alan qüvvələrlə gizli sazişə getdilər. Savaşdan sonra Peyğəmbər (s) bu xəyanətin cəzası olaraq Qureyzə oğullarına verdiyi qərarı qəbul edəcək bir nəfəri hakim təyin etmələrini təklif etdi. Onlar da Mədinəli Sə`d ibn Muazın hakimliyini qəbul etdikdə, o (Sə`d bin Muaz) ölüm hökmünü verdi. Qərar icra edilmədən əvvəl Peyğəmbər (s) həddi-buluğa çatmamış uşaqları müəyyən edə bilmək üçün uşaqları övrət yerinin tüklənib tüklənməməyi öyrənmək yolu ilə yoxlamağı əmr etdi. O hadisənin iştirakçısı Bəni Qureyzəli uşaq Atiyyə əl-Qurazi deyir ki: “Onlardan kimin övrət yeri tüklənmişdisə, hamısı Sə`d ibn Muazın hökmünə müvafiq öldürüldü. Hələ tükləri çıxmamış olanlar isə həyatda saxlanıldı. Mən də hələ tükləri çıxmamış biri idim. Buna görə də mənə heçnə etmədilər” (Bax: Əbu Davud, Hüdud 18; Tirmizi, Siyər 29; İbn Macə, Hüdud, 4; Nəsai, Təlaq 20).  
Bəzi alimlər həddi buluğun-ölçüsünü ihtilam olma (yuxuda spermanın xaric olması) ilə olacağını söyləmişlər.
Bəziləri isə konkret yaş olaraq 15 yaş demişlər. Dəlil kimi də İbn Ömərin hədisini göstərirlər. İbn Ömər (r) belə rəvayət etmişdir: “Mən Uhud savaşına qöşulmuşdum. Lakin Peyğəmbər (s) savaşa getməyimə izin vermədi. O vaxt mənim on dörd yaşım var idi. Xəndək savaşı sırasında da məni gördü, bu səfər mənə izin verdi. Mən onda on beş yaşında idim”.
Nafi deyir “Mən Ömər ibn Əbdüləzizin yanına getdim. O vaxt o, xəlifə idi. Bu hadisəni ona danışdıqdan sonra o: “Bu (on beş yaş) uşaqla həddi-buluğu ayıran bir sərhəddir” buyurdu.  Valilərə məktub yazaraq on beş yaşını dolduranları mükəlləf qəbul etmələri, daha kiçikləri isə ailə üzvlərindən saymalarını əmr etdi” (Buxari, Şəhadət,18; Müslim, İmarət 91; Əbu Davud, Hüdud 17).
Bəzi alimlər isə bu hədisə əsaslanarkən konkret yaşı götürməyin məqsədə uyğun olmadığı qənaətindədir. Onların fikrinə görə, fərq yaşa görə deyil, güc və qabiliyyətə görə qoyulmalıdır. Savaşmağa gücü yetən on beş yaşına çatmış biri ilə buna güc yetirmədiyindən dolayı uşaq münasibəti göstərilən birisi arasında fərq görülməlidir.
Digər alimlər isə uşağın həddi-buluğa çatmasında onun ağıl idrak (rüşd) səviyyəsini nəzərə almaqdadırlar.
Elm adamlarının əksəriyyətinə görə, uşağın ağla dolması (rəşidlik) həddi-buluğa çatdıqdan sonra olur.
Qeyd edilən üç hal (yaş, spermanın çıxması, tüklənmə) oğlan və qızlar arasındakı ortaq xüsusiyyətdir. Bundan başqa elm əhli qızların heyz olması və ya hamilə qalmasını onların həddi-buluğa çatmasına dəlil kimi yekdilliklə qəbul edilmişdlər.
Yuxarıda qeyd edilən uşağln həddi-buluğa çatması haqqında söylənənlərdən nəticə çıxarmağa çalışsaq, bunları söyləyə bilərik. Bütün bunlardan əlavə bir də sözü gedən insanların yaşadığı coğrafi ərazi, iqlim, milli-bioloji təbiəti də nəzərə alınmalıdır. Bizim yaşadığımız zaman və məkanda oğlan uşaqları əsasən 12-15 yaş arasında ihtilam olurlar (sperma xaric olur). Onların səsinin yoğunlaşması, bığlarının çıxması, övrət yerinin tüklənməsi də bu zamana təsadüf edir. Buna görə deyə bilərik ki, şəxsdən şəxsə fərqli olaraq bizdə oğlan uşaqları 12 yaşından 15 yaşına qədər həddi buluğa yetişir. Bu müddət ərzində nə zaman ihtilam olarsa, həddi-buluğ kimi qəbul olunur. Əgər on beş yaşını doldurduqdan sonra da sperma çıxmazsa bu dəfə yaşa etibar edilərək həddi-buluğ qəbul edilir. Doğrusunu Allah bilir. 
Bir məsələyə toxunmaq istərdik. İnsanın günah və ya cinayət işlətməsi iki qismə ayrılır. Biri biz insanlar nəzdində qəbul edilənlər, digəri isə yalnız Allah bilib başqa kimsənin bilmədiyi insanlara aid olan əməllərdir. Məsələn, qiyamət günü əməl dəftərləri gətirilərkən Uca Allah: “bunları və bunları da onun əməl dəftərinə yazın” buyuracaq. Mələklər: “Ey Rəbbimiz axı o bunları işlətməmişdir” deyəcək. Allah isə: “siz bilmirsiz. O, bunları etmək niyyətində idi” deyə buyuracaq. Bu mövzuda (Allah bilib digərlərinin bilmədiyi şeylər haqqında) bir çox səhih hədislər Rəsulullahdan (s) rəvayət edilmişdir.
Bununla sizin diqqətinizi ona çəkmək istəyirik ki, həddi-buluğa çatmış insan mükəlləf qəbul edildiyi üçün artıq işlətdiyi günahlara görə, şəriət tərəfindən məsuliyyətə cəlb edilib cəzalandılımalıdır. Həmçinin, namaz, oruc və digər əməllər onun üçün fərz olur. Həddi-buluğa çatmadan əvvəl işlədilən günahlara görə isə insan mühakimə edilməz, ona qarşı cəza hökmü verilməz, uyğulanmaz. Amma onların qiyamət günü məhkəməsində halının nə olacağını Allah bilir. Çünki ortada qeybə dair bəzi xəbərlər, onların izahı, yorumu, şərhi, təvili vardır. Bununla yanaşı, qəti bir həqiqət var. Allah insanlarla, o cümlədən də, ruhi xəstələr, xəbəri olmayanlar, həddi-buluğa çatmamış ölənlər, həddi-buluğa çatdıqdan sonra ölənlər, möminlərin uşaqları, kafir, müşriklərin uşaqları və sair hər kəslə, hətta heyvanlar və bizim canlı hesab etmədiyimiz məxluqat arasında Özü bildiyi kimi mühakimə edəcək, bildiyi hökmü verəcək. Bunu unutmamaq lazımdır!