Ət məhsullarının yeməkdən imtina (vegetarianlıq) etməyin hökmü

Allaha həmd olsun.Allah təala bizə yaratdıqları içərisindən ən gözəllərini, ən keyfiyyətlilərini ruzi olaraq seçmiş bizə onları halal qılmışdır.

2010-11-23 14:59:59
Allaha həmd olsun.Allah təala bizə yaratdıqları içərisindən ən gözəllərini, ən keyfiyyətlilərini ruzi olaraq seçmiş bizə onları halal qılmışdır.
“Bu gün pak nemətlər sizə halal edilmişdir.” (5/5)
“Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin!” (16/114)
Allahın bizə ruzi olaraq verdiyi yeməklər içərisində həm bitki mənşəli yeməklər, həm dəniz mənşəli yeməklər, həm də heyvan mənşəli yeməklər vardır.
 “Sonra sizin üçün onunla xurma və üzüm bağları yaratdıq. Sizin üçün orada bir çox meyvələr vardır ki, onlardan yeyirsiniz.” (23/19)
“Həqiqətən, heyvanlarda (ev heyvanlarında) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan (süddən) sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır. Həm də onlardan yeyirsiniz!” (23/21)
“Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, dəniz ovu və onu yemək sizə də, yolçulara da halal edildi.” (5/96)
Müsəlmanlar bütün bu məhsulları öz halal əməkləri ilə əldə edər və yeyərlər. Bu Allahın onlara verdiyi nemətlərdir. Bu kimi yeməkləri yemək mübahdır, bunlar içərisində hansını yeyib yeməmək insanın öz ixtiyarındadır. Fəqət burada diqqət ediləcək iki məsələ vardır.
Əvvəla insan yeməkləri seçərkən səhhətini nəzərə almalıdır. Yəni ola bilər ki, bəzi yeməklər ona ziyan etsin. Bu zaman o yeməkləri yeməməlidir. Allah buyurur: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (2/195). Və ya əksinə bədəndə müəyyən maddələrin çatışmadığına görə bəzi qidaları daha çox qəbul etməli ola bilər.
Digər bir məsələ isə odur ki, həqiqətən bir insan müəyyən növ qidaları qəbul etməsinin səbəbi sırf ürəyinin istəməməyi, yeyə bilməməyidirsə bunda bir problem yoxdur. Ancaq əgər bu hansısa bir ideoloji məsələ ilə əlaqədardırsa bu haramdır. Hansısa əqidəyə görə ət yeməmək və ya hər hansı Allahın halal buyurduğu qidanı özünə haram bilməyi buna misal göstərə bilərik. Belə bir əqidədən çıxış edərək ət və ya bəzi ərzaq məhsullarını özünə haram bilmək haramdır. Çün ki, bir şeyi insanlara haram etmə səlahiyyəti ancaq Allaha aiddir. Qulların istər öz nəfslərinə olsun, istərsə də digərlərinə olsun Allahın haram etmədiyi bir şeyi haram etməsi günahdır və bundan Allah bizi Qurani-Kərimdə bir neçə ayədə nəhy etmişdir:
“Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!” (5/87)
Ayənin təfsir edərkən Qurtubi İbn Abbasın bu ayəni cinsi istəklərini təhrik etdiyi üçün ət yeməyi özünə qadağan (haram) edən bir şəxs haqqında nazil olduğunu bildirdiyini qeyd edir.
Bu barədə ən tutarlı dəlillərdən biri də Təhrim surəsinin aşağıdakı ayəsidir:
“Ya Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən? Allah bağışlayandır, rəhm edəndir!” (66/1)
Səhih rəvayətlərdə də əks olunduğu kimi bu ayə Allah Rəsulunun zövcələrinin sözünə görə bal içməyi özünə haram qılmasına görə nazil olmuşdur. Beləliklə Allah hətta öz elçisinə belə Allahın ona halal etdiyini nəfsinə haram etməməyi bildirir.
Sizin vəziyyətinizə gəlincə də əgər əti özünə qadağan etmə, hansısa dünya görüşünü mənimsəmə, heyvansevərlər cəmiyyətinə üzv olma və s. kimi duyğulardandırsa bu caiz deyildir, haramdır. Tez bu hərəkətinizdən əl çəkməlisiniz. Yox əgər siz bu məhsulları sadəcə yeyə bilmirsinizsə, bu psixoloji (məsələn, bu məhsullardan iyrənmə) problemdirsə onda həkimə müraciət etməniz daha məqsədə uyğundur.
Həqiqətən Allahın insana halal qıldığı bütün nemətlərdə o cümlədən ət məhsullarında da insan orqanizmi üçün vacib olan maddələr vardır. Ramazan ayı olduğu üçün müsəlmanların düzgün qidalanmağa daha çox ehtiyacı vardır. Ancaq bununla bərabər sadəcə ətli qidalar olmadan da oruc tutmaq mümkündür. Siz orucunuza davam edin. Ancaq bu problemi də həll etməyə çalışın.