Möhsün Yazıçıoğlu kimdir?

Möhsün Yazıçıoğlu 1954-cü ildə Türkiyənin Sivas şəhərinin Sarqışla qəsəbəsinin Almalı kəndində əkinçi ailəsində anadan olub.

2010-11-07 14:27:16
Möhsün Yazıçıoğlu 1954-cü ildə Türkiyənin Sivas şəhərinin Sarqışla qəsəbəsinin Almalı kəndində əkinçi ailəsində anadan olub.

1972-ci ildə orta məktəbi Sarqışlada bitirən Möhsün elə həmin il təhsilini davam etdirmək üçün Ankaraya yollanır. Ankara Universitetinə daxil olan M.Yazıçıoğlu universitetin Baytarlıq fakültəsini bitirir.

1968-ci ildən etibarən böyük siyasətə doğru ilk addımlarını atmağa başlayan Möhsün Ankaradakı dərnək fəaliyyətlərinə qoşulur. Gələcək partiya sədrinin siyasi fəaliyyətə başlaması da bu illərə təsadüf edir. Hələ məktəb illərində Sarqışla Gənc Milliyyətçilər Hərəkatına qoşulan Möhsin Yazıçıoğlu Ankaraya gəldikdən sonra Milliyyət Ocaqları Mərkəzində çalışmağa başlayır. Sarqışlada olarkən Gənc Milliyyətçilər Hərəkatına qatılan Möhsün Ankaradakı dərnək fəaliyyəti çərçivəsində bir sıra vəzifələri icra edir.

1977-1978-ci illərdə Türkiyənin ağır siyasi böhranla üzləşdiyi zaman Milliyyət Ocaqları sədrinin müavini, daha sonra isə qurumun sədri vəzifələrini icra edən Möhsün Yazıçıoğlu 1980-ci ilə qədər MHP lideri Alparslan Türkeşin müşaviri işləyir. Milliyyətçi hərəkatda əhəmiyyətli mövqe sahibi olan Möhsün Yazıçıoğlu bir müddət Susurluq hadisəsinin baş qəhrəmanı olan Abdullah Çatlının köməkçisi olub.

1978-ci ildə Milliyyətçi Gənclik Dərnəyinin əsasını qoyan Möhsün Yazıçıoğlu ölkəni sarsıdan bir sıra bəyanatları ilə yadda qalır. 80-ci illərdə Abdullah Çatlı haqqında qiyabi həbs qərarı çıxarıldıqdan sonra “Ankaranın hər yerində bomba partladarıq” - kimi bəyanatla çıxış edən Yazıçıoğlu A.Çatlı barəsində məhkəmənin qəbul etdiyi hökmün dəyişdirilməsinə nail olur.

M.Yazıçıoğlu 1980-cı ilə qədər Milliyyətçi Hərəkat Partiyasının partiya sədrinin müşaviri vəzifəsini icra edib. 1980-cı il sentyabr ayının 12-də hərbi xidmətini başa vurduqdan sonra MHP və Milliyyətçi Quruluşlar qurmaqda təqsirli bilinərək, həbs edilib.

1980-ci il sentyabrın 12-də Türkiyədə baş verən hərbi çevrilişdən sonra o “MHP və Milliyyətçi Qurumlar” cinayət işi ilə əlaqədar həbs olunur və ömrünün 7 il 6 ayını həbsxanada keçirir. Həbsxanadan çıxdıqdan sonra hərbi çevriliş dövründə cəzaya məhkum olunmuş milliyyətçilərə və onların ailə üzvlərinə yardım göstərmək məqsədilə Sosial Təhlükəsizlik və Təhsil Dərnəyi yaradan Möhsün Yazıçıoğlu 1987-ci ildə Milliyyətçi Çalışma Partiyasına (MÇP) qoşularaq, siyasi fəaliyyətini bərpa edir.

MÇP-də Baş katibin köməkçisi vəzifəsini icra edən M.Yazıçıoğlu 1991-ci ildə keçirilən bələdiyyə seçkilərində “İnanclarımızı Məclisə aparaq” şüarı ilə Sivas şəhərindən millət vəkili seçilir.

1992-ci ildə Alparslan Türkeşin rəhbəri olduğu MÇP-nin sıralarını tərk edən Yazıçıoğlu 1993-cü ilin yanvar ayının 29-da milliyətçilik əvəzinə türk-islam sintezinə üstünlük verən bir qrup dostu ilə Böyük Birlik Partiyasını (BBP) təsis edir və partiya sədri seçilir.

1995-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində ANAP-BBP ittifaqından XX Çağırışda Sivas millət vəkili kimi yenidən Türkiyə Böyük Millət Məclisinə (TBMM) daxil olur. 1996-cı ilin fevral ayının 28-də isə ANAP-dan istefa edərək, BBP-yə qayıdır.

1997-ci il 28 fevral hadisələri və dövrün Baş naziri Nəcməddin Ərbakanın hakimiyyətdən uzaqlaşdırıldığı dövrdə Möhsün Yazıçıoğlu N.Ərbakanı müdafiə etməsi ilə yadda qalır. BBP sədrinin köməkçisi Haqqı Öznur M.Yazıçıoğlunun həyatını itirməsindən sonra verdiyi müsahibəsində 28 fevral hadisələri zamanı bütün hədələrə baxmayaraq, N.Ərbakanın demokratik yollarla hakimiyyətə gəldiyini və bundan dolayı onu dəstəklədiyini və heç bir hədə-qorxunun onu fikrindən daşındırmayacağını söylədiyini bildirib.

1998-ci ilin aprel ayının 26-da yenidən partiya sədri seçilən M.Yazıçıoğlu 2009-cu ilin mart ayına qədər bu vəzifəni icra edib.

Möhsün Yazıçıoğlu 2009-cu il mart ayının 25-də Qəhrəman Maraş şəhərindən Yozqat şəhərinə yollanarkən vertolyot qəzasında həyatını itirir. Məhz bu son qəza onun həyatı boyu üzləşdiyi 18-ci yol qəzası idi.

Bütün fəaliyyəti dövründə türkiyəlilərin milli və dini dəyərlərinin müdafiəsinə çalışan M.Yazıçıoğlunun son təklifi də elə bu qəbildən idi. Belə ki, onun Türkiyə Böyük Millət Məclisinə təqdim etdiyi son layihə 1997-ci il 28 fevral hadisələrindən sonra uşaqların Qurani-Kərimi yalnız ibtidai sinfi bitirdikdən sonra öyrənə biləcəyini nəzərdə tutan qərarın dəyişdirilməsi ilə bağlı idi.

M.Yazıcıoğlunun iki övladı var.